Dosta qürur hissi, düşmənə qorxmazlıq dərsi

          Artıq heç kəsdə şübhə yoxdur ki, İran Azərbaycana qarşı düşmən mövqeyindədir. Bu düşmənçilik, xainlik get-gedə daha çirkin hal almaqdadır. Görünən budur ki, işğalçı Ermənistanla eyni xisləti daşıyan şovinist iran rejimi dostluq ağacının budaqlarına balta üstünə üstünə balta vurmaqda davam edirlər. Ancaq xalqımıza qarşı yönələn hər təxribat Cənubi Azərbaycanda xalqın azadlıq ehtirasından alışmaqda olan od-alovunu daha da ərşə qaldıracaq. Nəticədə şovinist rejimin tikanlı məftilləri "xalq dənizi"nin ayaqları altında əzik-əzik olacaq.

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinin binasına edilən hücum iran rejiminin növbəti cinayət əməli, terror aksiyalarından biridir. Səfirliyimizə hücum edən terrorçu “kalaşnikov” markalı avtomat silahla səfirliyə daxil olaraq mühafizə xidmətinin rəisi, baş leytenant Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirilib. Hadisələrin ani məqamda baş verməsinə baxmayaraq, soyuqqanlığını itirməyən Şuşa rayon sakini Vasif Tağıyev qəhrəmanlıq göstərərək cinayətkarı zərərsizləşdirib. Vasif Tağıyevin bu hünəri dostda qürur hissi, düşmənə vətənpərvərlik, qorxmazlıq dərsidir. Xocalı şəhər 2 saylı tam orta məktəbin məzunu olan Vasif Tağıyevin müəllimlərinin təəssüratlarını oxucularımıza çatdırmaq istəyirəm.

Vasif Tağıyevə kimya-biologiya dərsləri demiş Samirə Hüseynova "Xalq qəzeti"nə açıqlamasında bildirdi ki, qəhrəmanımızın bu şüacəti ilə bütün müəllimləri, məktəbdə təhsil alan şagirdlər qürur hissi duyur:

Vasif Tağıyev məktəbin əlaçı, nizam-intizamlı şagirdlərindən biri olub. Yüksək tərbiyəsi, əxlaqı, dərslərini əla oxumağı ilə həmişə fərqlənirdi. Mehriban və şən oğlan idi. Müəllimlərinə həmişə hörmətlə yanaşıb. Məktəbin tədbirlərində fəal iştirak edirdi. Vasifin qəhrəmanlığı indi bütün şagirdlərimiz üçün nümunədir.

Məktəbin Çağırışaqədərki hazırlıq fənni müəllimi Süleyman Quliyev də Vasifin hünərindən qürurla danışdı:

Azərbaycanın igid oğulları çoxdur. Vasif avtomatlı terrorçunun üzərinə əliyalın getməklə Azərbaycan oğullarının nə qədər qorxmaz və güclü olduğunu bir daha dünyaya göstərdi. Allah şəhidimizə rəhmət eləsin. Vasif terrorçunu zərərsizləşdirməsəydi, daha çox itkimiz ola bilərdi. Vasifin çevikliyini dərs deyərkən hiss etmişdim, çox cəld idi. O düzgün qərar verərək ani məqamda terrorçunun üzərinə şığıdı.

Vasifin ailəsi mədəni, ziyalı ailədir. Nizam-intizamlı şagird kimi özünü müəllimlərinə sevdirmişdi Vasif. Amma bu gün Vasifi bütün xalqımız sevir, onunla fəxr hissi duyur. Yaxınlarda görüşmüşdük, salamı, səmimi münasibətilə ürəyim açılmışdı.

Təsdiqini tapmış fikirdir ki, gələcəyin layiqli vətəndaşı ilk növbədə ailədə, məktəbdə formalaşır. Ancaq qəhrəmanlar heç kəsin gözləmədiyi vaxtda, ən çətin məqamlarda meydana çıxır və qəhrəmanlıqları ilə ürəkləri fəth edirlər. Döyüşkən xalqımızın qəhrəmanlıq salnamələrini davam etdirən ...Tofiq Hüseynovlar, Əlif Hacıyevlər, Füzuli Rüstəmovlar, Mübariz İbrahimovlar, Polad Həşimovlar… həmişə olacaq. Vətən uğrunda öz canlarını qurban verərək şəhidlik arzulayan igidlərimiz var. Bu gün şagirdlərimizə vətənpərvərlik, qorxmazlıq hissləri aşılayan Vasif Tağıyevin qəhrəmanlıq hekayəsi də gələcək nəsillərdə neçə-neçə qəhrəmanların döyüş ruhunda zühur edəcəkdir.

Qalib BƏYMƏMMƏDOĞLU,

                                                                  “Xocalının səsi” qəzetinin redaktoru

Yorum Gönder

Daha yeni Daha eski