Yurdumuza bahar gəlir

Bahar - bol ruzili, xoş əhval- ruhiyeli, güllü - çiçəkli, gözəlliklər fəsli. Bahar gələndə təbiətdə çox böyük dəyişikliklər baş verir. Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır, ilk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Bəzi heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür. İnsanlar bu zaman əkin-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayırlar. Bu bahar bayramı adlanır.

Novruz "yeni gün" deməkdir. Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən qurtulmasının ilk gününü bayram edir. Bəzi Şərq xalqlarında bu bayram həm də Yeni il bayramı kimi qeyd olunur.

Novruz səmimiyyət bayramı, xoş arzular bayramıdır. Novruza hələ bir ay qalmış xalq bayrama hazırlaşır. El arasında həmin bu aya Novruz ayı deyillər. Bu ayın dörd çərşənbəsinin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - oda, torpağa, suya və havaya (küləyə) həsr olunur. Bunun özü də onu göstərir ki, Novruz bayramı dünyanın ən qədim, ən müdrik bayramlarından biridir.

Novruzda növbənöv bayram şirniyyatı bişir, xonçalar bəzədilir. Səməni öz yaşıl qaməti ilə evlərin bəzəyinə çevrilir.Səməni yaşıllıq, bolluq deməkdir. Səməni təbiətin canlanmasına, çöllərin yaşıllığa qərq olmasına, ağacların yarpaq açmasına, gələcək bolluğa, firavanlığa işarədir. Səməni həm də ən əziz bayram yeməyinin adıdır. Səməni halvası müqəddəs yemək sayılır. O əziz yemək kimi bayram sovqatı kimi qohum - əqrabalara, qonum qonşuya kimsəsizlərə paylanır.Qapıya papaq atanlara pay verilir, hamı sevindirilir, küsənlər barışır,insanlar deyir, gülür şənlik edir, bir- birinə xoş günlər arzulayırlar. Novruz bayramı Şimal yarım kürəsində astronomik yazın başlandığı gecə - gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22 -sində) keçirilir. Minilliklər içərisindən keçib gələn bu qədim el bayramı tarixi boyu qadağalara və təqiblərə məruz qalsa da öz gözəlliyini indidə saxlayır. Novruz Azerbaycan xalqının zəngin Maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə cəmləşdirən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mənəvi köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük.

Novruz milli taleyimizdəki yerini, müstəqilik əldə etmiş gənc Azerbaycan Respublikasının dövlət quruculuğunda kı məqamını bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünü təşkil mexanizmi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyanın ana sütunu kimi əbədiləşdirmişdir. Novruz bayramı sovet birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yasadılmasını təmin etmişdir. Ötən əsrin 70 - ci illərində isə Novruz bayramı ilk dəfə olaraq məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq  bayramı yüksək səviyyədə Azərbaycan xalqının milli ruhunu yüksəldir,milli irsə tarixə böyük məhəbbət yaradır,özünü dərki gücləndirir. Novruz adət -ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapırdı. Hər dəfə "Dəli kür" və "7 oğul istərəm" filmlərini seyr edəndə Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Bəli, məhz müdrik rəhbərin qayğısı ilə o illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azerbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdı.

Ulu öndərin Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə Respublika rəhbərliyinə qayıdışından sonra Xalqımız Novruz bayramını yüksək əhval ruhiyyədə qeyd etməyə başladı. Ulu öndər 1994- cu ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, ümumxalq şənliklərinə qatılaraq xalqımıza iki qat Sevinc yaşatdı.

  Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyev milli mədəniyyətin, mənəvi dəyərlərərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin xalqımıza Novruz təbrikində bu mövqe bir daha aydın görünməkdədir. Bu bayramı müqəddəs milli irs hesab edən, bayramın bütün adət - ənənələrinə dəyər verən və hörmətlə yanaşan dövlət başçımız hər zaman Novruzun yüksək səviyyədə qeyd olunmasına dəstək vermiş, maddi və mənəvi  dayaq olmuşdur. Cənab prezident Novruzun ən ali bəşəri keyfiyyətləri özündə birləşdirən, böyük mənəviyyat və hikmət xəzinəsi olaraq tarixi mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirən bir bayram olduğunu daima qeyd etmişdir.

Heydər Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2009 - cu il sentyabr 30- da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Azerbaycanin təşəbbüsü ilə 23 fevral 2010-cu ildə isə BMT - Baş Assambleyasının 64 - cü sesiya iclasında mart ayının 21 - i Beynəlxalq Novruz günü elan edilmişdir.Elə həmin tarixdən bu günə qədər xalqımız bu bayramı daha da ənənəvi şəkildə qeyd etməyə başlamışdır. Ağbirçək nənələrimiz, ağsaqqal babalarımız bu bayramın adət - ənənələrini gənc nəsillərə öyrədərək onların yaddan çıxmamasına gələcək nəsillərə ötürülməsinə çalışmışlar. 

Mən arzu edirəm ki,gələcək nəsillərdə bu bayramı xoş ovqatla, xoş əhval - ruhiyə ilə qeyd etsinlər, yurdum, vətənim həmişə bahar təravətli, bahar ovqatlı olsun, xalqımızın üzündən bahar gülüşü, bahar sevinci heç vaxt əskik olmasın.

  Rəqsanə İsmayılova,

  Xocalı rayon gənci

Yorum Gönder

Daha yeni Daha eski