Xocalı şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Mayın 17-də Xocalı rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı ilə Xocalı rayon 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Lamiyyə Qarayeva, rayon icra hakimiyyəti aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəlil Vəliyev, Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov, Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Nəvai Həsənov, məktəbin pedaqoji kollektivi, IX, X, XI sinif şagirdləri və valideynlər iştirak etdilər.

 Tədbirdə çıxış edən Lamiyə Qarayeva narkomaniya ilə mübarizədə valideynlərlə övladları arasında düzgün münasibətin qurulması mövzusunda fikirlərini bölüşdü. Qeyd etdi ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür. Araşdırmalara əsasən, narkotik maddələrdən istifadə ən çox yeniyetməlik dövründə başlayır. Psixoloqlar bunu belə izah edirlər ki, fiziki və zehni sahədə əhəmiyyətli dəyişikliklərin yaşandığı, sürətli böyümə dövrü olaraq xarakterizə edilən yeniyetməliyin ən əhəmiyyətli psixososial xüsusiyyəti şəxsiyyətin mənimsənilməsidir. Tədricən müstəqil olmağa başlayan yeniyetmə üçün bu dövrdə dostluq münasibətləri böyük əhəmiyyət kəsb edir və o, dostlar qrupuna daxil olanda onların təsiri altına keçir, onlara bənzəm istəyir. Bu dövrdə şəxsiyyət çaşqınlığı bütün yeniyetmələrin yaşadığı təbii bir prosesdir. Amma şəxsiyyət çaşqınlığından çıxa bilməyən və mənfi xarakterə yiyələnən yeniyetmə narkotik maddə istifadəsi kimi ağır problemlə üzləşə bilir.

 Lamiyə Qarayeva çıxışında həmçinin vurğuladı ki, 44 günlük Vətən Müharibəsində biz 30 il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı sağlam ruhda, milli mənəvi dəyərlərə malik gənclərimizin sayəsində işğaldan azad etdik. Çalışmalıyıq ki, bundan sonrakı nəsillərdə vətənpərvər ruhda yetişsin, xalqına, vətəninə layiqli övlad olmaq amalı uğrunda tərbiyə olunsunlar.

 Xəlil Vəliyev çıxışında bildirdi ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərmələrinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə ciddi diqqət yetirməli, uşaqların elmə, idmana və təhsilə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar.

 Daha sonra Tural Xəlilov narkomaniyaya qarşı hüquq-mühafizə, o cümlədən polis orqanlarının apardığı qətiyyətli mübarizə tədbirləri barədə məruzə ilə çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı"nın təsdiq edilməsi bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində ölkə rəhbərliyi səviyyəsində atılmış növbəti mühüm addım olub. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ən qəti tədbirlər görməklə yanaşı, həm də azyaşlılarla, gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.

 Tədbirdə narkomaniyanın fəsadlarından bəhs edən video-çarx göstərilmişdir.










Yorum Gönder

Daha yeni Daha eski