Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi həm də Xocalının müsibətlərini unudulmağa qoymur

          Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Muzeylər. Dayanıqlılıq və rifah” devizi seçilib.

Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Bu əlamətdar gün münasibətilə Gəncə şəhərində fəaliyyətini davam etdirən Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünasılıq muzeyində "Açıq qapı" günü oldu. Gün ərzində muzeyə ekskursiya edən məktəblilərə və qonaqlara muzeyin bələdçisi tərəfindən Xocalının qədim tarixi və bir-birindən dəyərli eksponatları haqqında məlumat verildi. Bildirildi ki, ölkəmizdə mövcud muzeylərdən 22-si Ermənistan silahlı birləşmələrinin ərazilərimizi işğal etməsi nəticəsində darmadağın edilib, eksponatları məhv olunub, yaxud təcavüzkar ölkəyə daşınıb. Ümumiyyətlə, işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv edib. 1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb.

Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi 1988-ci ildən 1991-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Mədəniyyət nazirinin 1991-ci il 19 aprel 144 saylı əmrinə əsasən, Şuşa rayon Mədəniyyət Şöbəsinin 5 may tarixli əmri ilə rəsmi fəaliyyətə başlamışdır. Əfsuslar olsun ki, 1992-ci il may ayının 9-da erməni quldurlarının Xocalı rayonunun Kosalar kəndinə hücumu zamanı muzeyin bütün eksponatları işğal zonasında qalıb. Kənd işğal edilməmişdən əvvəl muzeydə 800 adda 1500 ədəd qiymətli eksponat var idi.

Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və keramikadan hazırlanmış maddi-məişət əşyaları, Şuşa rəssamlarının yağlı boyalarla çəkdikləri rəsm əsərləri, mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı alətləri muzeydə yer almışdı.

 Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi tarixə güzgü tutur.  Xocalı – Gədəbəy mədəniyyətinin erməni vandallarından “canlarını” qurtara bilən bəzi eksponatları zəngin mədəni mirasımızın indiki və gələcək nəsillərə qalan nadir inciləri kimi burada qorunur və təbliğ edilir. Muzey Xocalı eksponatlarının qorunub saxlanıldığı bir tarix evi olduğu kimi, həm də Xocalı soyqırımını əks etdirən stendləri, kitabları ilə erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur.

      Qalib BƏYMƏMMƏDOĞLU,

“Xocalının səsi” qəzetinin redaktoru












 

Yorum Gönder

Daha yeni Daha eski